Tahir Abbaszadə
Gəncə Dövlət Universiteti,
E-mail: tairaghazade777@gmail.com
Abstract. The researcher finds that autism is a slowdown in disease or development, which begins early childhood and leads to life-long, mental and social development disorders. The most common features of autism are the lack of social interaction, lack of language and communication capabilities, repetitive behaviors, and excessive loyalty. However, this syndrome does not have significant physical characteristics. Autistic features are commonly seen in children with autistic disorder, and can be seen in every autistic child.
Keywords: аutism, cognitive factors, mental and social development disorders, social deficiencies, autism diagnosis.
Tanınmış Azərbaycan psixoloqu, professor Ramiz Əliyev göstərir ki, psixi proseslərin dərinliyini əks etdirən uydurulmuş fantastik aləm bəzi insanlarda tədricən təfəkkürü şərtləndirən amilə çevrilir. Bu hadisəyə autistik təfəkkür deyilir. “Autizm şəxsi hisslərə elə dərindən aludə olmaqdır ki, reallıq hissi itir, onunla əlaqə kəsilir, ətrafdakılarla ün-siyyətə maraq azalır. Autistik təfəkkür arzuların xəyalən “reallaşmasıdır”; gəlinciklə oynayan qız xoşbəxt ana, oğlan general olur. Xəyalən xoşbəxt günlər yaşanılır. Yuxuda isə ən gizli arzular “həyata keçir” (3, s.202). R.İ.Əliyev göstərir ki, autistik təfəkkür re-al həyata təsir etmək imkanında deyil, yəni o, qeyri-məhsuldar fantaziyadır. Autistik təfəkkür psixi reallığın, arzu, motiv, meyil, emosional reaksiyanın kompleks təsirindən yaranır və insanın psixi vəziyyətini əks etdirir.
Autizmin ən ümumi xarakteristikası arasında sosial qarşılıqlı əlaqələrdə, dil və ünsiyyət bacarıqlarında çatışmazlıq, təkrarlanan davranışlar, eyniliyə həddindən çox bağlılıq kimi xüsusiyyətlər yer almaqdadır. Buna baxmayaraq, bu sindromun nəzərəçarpan fiziki xüsusiyyətləri yoxdur. Autistik xüsusiyyətlər ümumi mənada autistik pozuntusu olan uşaqlarda müşahidə olunmaqla yanaşı, hər autist uşaqda bir cür təzahür edə bilər. Əvvəllər zənn edildiyi kimi, autizmin uşağın sevgi məhrumluğu, ünsiyyət çatışmazlığı, ya da uşağın keçmiş yaşantılarla əlaqəli emosional problemlərə bağlı olmadığı müəyyənləşdirilmişdir. Son illərdə autizmin tədqiqi ilə məşğul olan alimlər onun geniş əhatəli bir inkişaf pozuntusu olduğu mövqeyini daha çox irəli sürür və autist uşaqların sosial əlaqə yaratmaq, ünsiyyət bacarıqları və yaradıcılıq fəaliyyətlərində məhdudluğun olduğunu irəli sürürlər. Digər qrupa aid olunan pedaqoq və psixoloqlar hesab edirlər ki, uşaqların sosial ünsiyyət bacarıqları autizm diaqnozunu təyin edən faktorlardan ən əsasıdır. Bu uşaqların həm sadə, həm də kompleks sosial ünsiyyət bacarıqları yaşıdlarına nisbətən daha ləng inkişaf edir. Normal inkişaf edən uşaqlar bir çox sosial bacarıqları başqalarını müşahidə və təqlid edərək öyrənirlər. Bunun əksinə, autist uşaqların təqlid etmək bacarığı inkişaf etmədiyindən sosial bacarıqları bu üsulla öyrənmələrində də məhdudiyyətlər özünü göstərir. Autist uşaqlarda təxəyyülün zəif olması səbəbindən sosial-rollu oyun oynamaq bacarıqları da inkişaf etmir. Autizm ömür boyu davam edən bir haldır. Sosial inkişaf geriliyi olan autist in-sanlar normal yaşıdları ilə sosial ünsiyyət yaratmaqda çətinlik çəkirlər. Onlar reallıqda baş verənləri anlamaqda və ifadə etməkdə çətinlik çəkir, digər insanlarla göz kontaktı qurmaqdan qaçırlar. Ünsiyyətə girməyə cəhd etmirlər. Qucaqlanmağa və göz kontaktı qurmağa qarşı reaksiyasızdırlar və bəzən bunlara mənfi reaksiya verirlər. Bu uşaqlarda sosial gülümsəmə çox gec inkişaf edə bilər. Autist uşaqlar digər insanlardan məqsədlərinə çatmaq üçün bir vasitə, bir əşya kimi istifadə edə bilərlər. Autist uşaqların çoxu sözlərdən olduqca az istifadə edirlər. Eyni zamanda, dili ünsiyyət va-sitəsi kimi istifadə etməzlər. Autist insanlar hər sahədə, eləcə də sosial sahədə özlərinə məxsus bir inkişaf keçirlər. Bu inkişafı yaş dövrləri şəklində araşdırmaq mümkündür. Bu inkişafın gedişini aşağıdakı dövrlərə ayırmaq olar: körpəlik dövrü məktəbəqədər dövr, kiçik məktəb yaş dövrü, yeniyetməlik dövrü, yetkinlik dövrü. Körpəlik dövrü. Autist uşaqların körpəlik dövründəki fiziki inkişafı yaşıdlarından fərqli deyil. Yuxu və qidalanma problemlərinin olmasına baxmayaraq ümumi ink-işafları əsasən normaldır. Hələ də tam olaraq müəyyənləşdirilməmişdir ki, hansı səbəbdən autizmin əlamətlərinin qısa bir müddət ərzində meydana çıxır, bəzi uşaqlar-da yüngül autizm əlamətlərinin getdikcə daha da ağırlaşması baş verir. Autist uşaqlar onlara yaxınlaşan adamlara əhəmiyyət vermir, baxışları boş və mənasız olur. Bir yaşın sonlarında onları qucaqlamaq, əzizləmək istəyəndə reaksiyasız qalmaları, ətrafdakı səslərə, cisimlərə və insanlara qarşı maraqsız olmaları ailənin diqqətini çəkməyə başlayır. Körpənin bu davranışları valideynlərdə uşaqlarının əqli gerilik olduğunu düşündürə bilər. Bu əlamətlərə əlavə olaraq autistik xüsusiyyətlər göstərən körpələrin göz qabağından itən əşyanı axtarmadıqları və istəklərini ifadə etmək üçün işarə barmağı ilə bir şeyi göstərmədikləri müşahidə olunmuşdur. Normal bir körpə ilk üç aylıqda anasına baxır, anası onunla danışarkən gü-lümsəyər, qığıldayar. Daha sonrakı aylarda isə hər fürsətdə qucağa alınmaq üçün qol-larını qaldırar, insanlarla ünsiyyətə girməkdən xoşu gələr. Tək qaldıqda isə ağlayır, əsəbiləşirlər. Lakin autist uşaqlarda bunların tam əksinə qucağa alınmağa qarşı big-anəlik, qucağa alındıqda narahat olma və s. kimi hallar müşahidə olunmaqdadır. Au-tist körpələr, ümumiyyətlə ətrafdakılarla adətən ünsiyyətdən qaçır, insanların danışıqlarına reaksiya vermirlər. Onlar insanlarla göz kontaktı qurmaq istəmir, çox uzun müddət boş, mənasız baxışlarla otura bilərlər. Bu körpələr, ətrafdakı insanlara olduğu qədər, əşyalara qarşı da maraq göstərmirlər.
Ətrafındakı səslərə, cisimlərə, heyvanlara reaksiya vermirlər. Məktəbəqədər dövr – iki-altı yaş arasında olan autist uşaqlar, normal populyasiyaya nisbətən daha qısa boylu olurlar. Məktəbəqədər dövrdə bu uşaqlar aktiv dəyişikliklərə qarşı həddindən artıq tez reaksiya verirlər. Autizm xüsusiyyətləri bu dövrdə daha da diqqətə çarpır. Oyun qurmaqda, həmyaşıdları ilə əməkdaşlıq etməkdə çətinlikləri olduğu nəzərə çarpmaqdadır. Hərəkətləri təqlid etmək, kiçik motor bacarıqları tələb edən kəsmək, yapışdırmaq, yazı yazmaq kimi bacarıqları məhduddur. Oyuncaqlarla məqsədli şəkildə oynaya bilmirlər. Belə ki, bir oyuncaq maşını sürmək əvəzinə, onu tərsinə çevirib saatlarla təkərini fırlada bilərlər. Körpəlik dövründə müşahidə edilən sosial çatışmazlıqlar, ətraf mühitə qarşı maraqsız olmaları bu dövrdə daha nəzərəçarpan hala gəlir. Ətrafındakı insanların və valideynlərin üzünə baxmamaq, demək olar, hər autist uşağın xüsusiyyətidir. İnsanların gözlərinə baxmamaqları və ya bir anlıq deyilə biləcək dərəcədə qısa baxışlardan sonra dərhal gözlərini qaçırtmaları diqqəti çəkir. Tamamilə özlərinə aid bir dünyada yaşayırmış kimi görünən bu uşaqlar, ətraflarında baş verən hadisələrə qarşı tamamilə biganədirlər. Çağırdıqda reaksiya vermir, onunla danışarkən dinləmirmiş kimi görsənirlər. Körpəlikdə olduğu kimi fiziki təmasdan qaçırlar. Məktəbəqədər dövr uşaqların xəyal gücü və yaradıcılıqlarının inkişafının ən yüksək səviyyədə olduğu dövrdür. Bu dövrdə uşaqlar oyun oynamaqdan doymazlar. Ancaq autist uşaqlarda xəyal gücünün yetərsizliyinə bağlı olaraq yaradıcı və sosial oyunlar oynamaq bacarığının olmadığı müşahidə edilir. Bir oyuncaqla məqsədinə uyğun olaraq oynamırlar. Məsələn, oyuncaq bir maşınla oynayarkən onu həqiqi bir maşın modeli, özünü də həmin maşının sürücüsü olaraq təsəvvür etməzlər. Bəzən yalnız maşının təkərləri, bəzən də onun çıxardığı səslə maraqlanarlar. Üç-beş yaş dövrü autistik xüsusiyyətlərin ən diqqətəçarpan dövrüdür. Bu yaş dövründə uşaqda nitq tam formalaşır, sosial şəraitə adaptasiya gedir. Oyun, xüsusən də sosial-rollu oyun aparıcı fəaliyyət növünə çevrilir. Körpəlik dövrünə nisbətən sosial bacarıqlar bu dövrdə daha yaxşı formalaşır. Autizmin sosial inkişaf geriliyi olduğu bilinməkdədir. Buna görə də autizm diaqnozunun qoyulması üçün bu dövr çox əhəmiyyətlidir. Belə ki, bu dövrdə sosial inkişaf geriliyini aydın müşahidə etmək və autizmi digər problemlərdən ayırmaq daha asan olur. Kiçik məktəb yaşı dövrü. Autist uşaqlar bu dövrdə məhdud şəkildə olsa da, ətrafına və yaşıdlarına maraq göstərməyə başlaya bilərlər. Üç yaşında ikən bənzər xüsusiyyətlərə malik iki autist uşaqda məktəb dövrünə gəldikdə fərqli xüsusiyyətlər müşahidə etmək olar. Belə ki, məktəb dövründə bu uşaqlardan biri dili ünsiyyət vasitəsi kimi heç istifadə etmədiyi halda, digəri danışmağa başlaya bilər. Lakin bu nitq adətən məqsədli şəkildə olmur və autist uşaqlar bu nitqdən istifadə edərək ətrafındakı insanlarla sosial ünsiyyətə girə bilmirlər. Onların nitqi məqsədsiz şəkildə olur və əksər hallarda exolaliya şəklində təzahür edər. Autist uşaqların əksəriyyəti şəxs əvəzliklərindən düzgün istifadə edə bilmirlər. Belə ki, özləri haqqında üçüncü bir şəxsdən danışırmış kimi bəhs edirlər. Məsələn, “mən gəlirəm” ifadəsi əvəzinə “o gəlir” deyirlər. Yeniyetməlik dövrü. Autist uşaqlar yeniyetməlik dövrünü yaşıdları kimi keçirirlər. Onların əksəriyyəti bu dövrü böyük problemlər yaşamadan keçirirlər. Bu dövrün bəzi autist uşaqların inkişafına müsbət təsir etdiyi halda, bəzi autist uşaqların inkişafına mənfi təsir etdiyi müşahidə olunmuşdur.
Belə ki, bəzi autist uşaqlarda ağırlaşma, yəni inkişafda geriləmə olmuşdur. Bu geriləmə sosial münasibətlərə təsir etməklə yanaşı, bəzi hallarda nitqin itməsi və akademik bacarıqlarda nəzərə çarpan geriliklə təzahür edir. Bəzi hallarda bu dövrdə autist yeniyetmələr öz vəziyyətlərini dərk edirlər və bunun nəticəsində onlarda depressiya halı müşahidə olunur. Yetkinlik dövrü. Autist insanların çox az qismi yetkinlik dövrünü normal yetkinlər kimi keçirirlər. Əksər hissəsi isə ağır bir şəkildə həyatlarına davam edirlər. Bu dövrdə autist insanların bəziləri özlərini ətraf mühitdən təcrid edirlər. Autizmin və ya autistik yalnızlığın bütün əlamətlərini nümayiş etdirirlər. İnsanlardan uzaqlaşır, tənhalığı üstün tuturlar. Bu insanlar saatlarla otaqda təkbaşına qala bilərlər. Belə vəziyyətdə narahat edilmək istəmirlər. Tək qalmamaq üçün məcbur edildikdə çətinlik yaratmazlar, ancaq təkbaşına buraxıldıqda da öyrəndiklərini unudarlar. İnkişafları dayanar, hətta geriləmə müşahidə olunar. Autist uşağın erkən diaqnozu və erkən müdaxilə uşağın daha sürətli inkişafını təmin edir. Autist bir uşağa nə qədər erkən yaşda diaqnoz qoyularsa və ehtiyacı olan xüsusi təhsilə nə qədər tez başlanarsa, həyat bacarıqlarına qovuşmaq şansı da o qədər çoxalar.
İstifadə olunmuş ədəbiyyat / References
1. Abbasov A.N. Pedaqogika: Dərs vəsaiti. Bakı: Mütərcim, 2010.
2. Əliyev R.İ. Psixologiya. Dərs vəsaiti: Bakı: Nurlan, 2008.
3. Əliyev R.İ. Məktəbə psixoloji xidmətin aktual məsələləri. Bakı: Nurlan, 2004.
4. Əlizadə Ə.Ə., Əlizadə H.Ə. Yeni pedaqoji təfəkkür: psixopedaqogikaya giriş. Bakı: ADPUnun mətbəəsi, 2008.
5. Qəhrəmanova Q.H. Gənclərin sosiallaşmasında fəaliyyət və şəxsiyyətlərarası münasibətlərin rolu. Bakı: Elm və təhsil, 2013.