Vaqif Cəfərov
Azərbaycan Dövlət Pedaqoji Universiteti,
E-mail: ajafarov-vagif77@gmail.com
Abstract. The urgency if the subject has been based in the article. The works on the subject have been analyzed and the teacher`s teaching mastery problem has been clarified from different points of view. The essence and subject of pedagogical skill has been given. The ways, opportunities and requirements have been commented for teacher`s reaching pedagogical skill. The definitions of pedagogical skill have been given. The scientific novelty, theoretical and practical significance of the article have been commented.
Keywords: pedagogical mastery of history teacher, pedagogical ethics, pedagogical tact, information and communication technologies, self-education, self-bringing up.
XXI əsrin xüsusiyyətlərinə uyğun olaraq elm və texnikanın sürətli inkişafı təhsilə də öz təsirini göstərmişdir. İnformasiya kommunikasiya texnologiyalarının təlimə daxil edilməsi ilə tarix müəlliminin pedaqoji fəaliyyətində bir sıra dəyişikliklər etmişdir. Belə ki, tarix müəllimi təkcə öz fənnini dərindən bilməklə bərabər, müasir təhsilin tələbinə görə İKT-nin imkanlarından istifadə etməyi bacarmalıdır. Bu da təliminin səmərəli təşkilinə böyük təsir göstərəcəkdir. Qeyd etməliyik ki, təlim müəllimlə şagirdlərin qarşılıqlı fəaliyyətidir. Bu qarşılıqlı pedaqoji fəaliyyətdə müəllimin pedaqoji ustalığı, pedaqoji ünsiyyəti, pedaqoji qabiliyyətləri, pedaqoji etikası özünü bilavasitə göstərir. Yuxarıda sadaladığımız anlayışların hər birinin özünəməxsus xüsusiyyətləri vardır. Bu anlayışlara dair çoxlu əsər və tədqiqat işləri yazılmışdır. Bu anlayışların hər birinə ayrıca problem kimi yanaşılmış və müxtəlif aspektlərdən tədqiq edilmişdir. Qeyd etməliyik ki, pedaqoji ustalıq, pedaqoji ünsiyyət, pedaqoji etika və müəllimin digər xüsusiyyətlərinə aid həm metodik, həm də pedaqoji ədəbiyyatda əhəmiyyətli fikirlər vardır. Pedaqoji ədəbiyyatda “pedaqoji ustalıq” və “metodik ustalıq” anlayışlarına rast gəlinir. Bəzi alimlər, o cümlədən V.A.Kan-Kalik, M.V.Skatkin və başqalarının qənaətinə görə haqqında deyilən anlayışlar məzmunca bir-birinə yaxındır, amma mahiyyəti eyni deyildir. Göstərilir ki, “pedaqoji ustalıq” “metodik ustalıq” anlayışı ilə müqayisədə daha genişdir. Bu baxımdan deyə bilərik ki, həqiqətən bu anlayışlar arasında yaxınlıq olsa da, aralarında müəyyən fərqlər mövcuddur. Metodik ustalıq pedaqoji ustalığa daxildir və onun üzvi tərkib hissəsidir. Onu deyə bilərik ki, tarix müəlliminin pedaqoji və metodik ustalığı vəhdət təşkil edir, onun tərkib hissəsidir. Metodik ədəbiyyatda, o cümlədən tarixin tədrisi metodikasında tarix müəlliminin pedaqoji ustalığı problemi tədqiq edilmişdir. Tarixçi-metodist olan A.A.Vagin, Murzayev V.S, F.P.Korovkinin, N.J.Zaporojetsin tədqiqatlarında bunu görmək olur. Onu qeyd etməliyik ki, respublikamızın tarixçi-metodistləri tərəfindən bu məsələ tədqiq edilmişdir.
Xüsusilə, respublikanın baş metodisti, professor M.M.Əmirov “Tam orta məktəbdə tarixin fəal/interaktiv təlimi metodikası” (1) əsərində tarix müəlliminin dərs zamanı fəaliyyəti, tarix müəlliminin pedaqoji qabiliyyəti və pedaqoji ustalığı barədə əhəmiyyətli fikirlər yazmışdır. Əsərin “Tarix müəllimi Müəllimlərin dərs klinik müşahidəsi”adlı bölməsi tarix müəlliminin peşə qabiliyyəti, ustalığına həsr edilmişdir və burada əhəmiyyətli fikirlər söylənmişdir. Bu-rada müəllif tarix müəlliminin pedaqoji ustalığı barədə qeyd edir: “Pedaqoji ustalıq tarix müəllimində peşəyə dərin maraq əsasında praktik fəaliyyət prosesində formalaşır və insanın təbii anatomik-fızioloji və psixi xüsusiyyətləri ilə bağlıdır. Bunlar gələcək müəllimdə hələ məktəbdə təhsil müddətində və ictimai-fəaliyyəti prosesində for-malaşdırılmalıdır”. (1, s.643) Pedaqogika elmində pedaqoji ustalıq probleminə dair N.Kazımov, M.İlyasov, H.Əliyev, F.Rüstəmov, R.Məmmədov, Ə.Həsənov və. digər pedaqoqlar bir sıra əsərlər yazmış və pedaqoji ustalıq probleminə müxtəlif aspektlərdən yanaşmışlar. Rus pedaqolarından V.İ.Pisarenko, S.B.Elkanov və digərlərinin pedaqoji ustalıq probleminə dair əhəmiyyətli əsərləri vardır. Pedaqoji us-talıq probleminin işlənmə səviyyəsini öyrənmək üçün yuxarıda sadaladığımız pedaqoqların bir neçəsinin əsərini nəzərdən keçirəcəyik. Hər şeydən əvvəl bilavasitə müəllimin pedaqoji ustalığına, daha sonra təlimin səmərəliliyinin yüksəldilməsinə dair əsərləri nəzərdən keçirəcəyik. V.İ.Pisarenko və İ.Y.Pisarenkonun “Pedaqoji etika” əsərini (2) nəzərdən keçirək. Zənnimcə, müəllimlərin və pedaqoji fakültələrdə təhsil alan tələbələrin pedaqoji ustalığa yiyələnmələrində bu kitabın özünəməxsus rolu və əhəmiyyəti vardır. Pedaqoji etika pedaqoji ustalıq məsələləri ilə son dərəcə sıx əlaqəlidir. Məhz pedaqoji etikaya, pedaqoji mədəniyyətə yiyələnmək və praktik fəaliyyət göstərmək əsasında pedaqoji ustalıq formalaşır. Nəticədə, ustad müəllim həm təlim prosesini, həm sinifdənkənar təlim və tərbiyə işlərini səmərəli şəkildə qurur. “Pedaqoji etika” kitabı ilə yaxından tanış olmaq əsasında pedaqoji ustalıq üçün zəruri olan bilik və bacarıqlara yiyələnmək mümkündür. Kitaba yazılmış ön sözdə qeyd olunur: “Uşaqlarla ilk görüşün necə bir təəssürat oyadacağı müəllim üçün az əhəmiyyət daşımır. Axı onun gələcək qarşılıqlı münasibətlərinin xarakteri bu ilk görüşdən çox asılıdır. Lakin bütün müəllimlər bu qarşılıqlı münasibətlərin idarə olunmasının mürəkkəb texnikasına yiyələniblərmi? Onların hamısı öz-özlərini müşahidə etmək bacarığına yiyələniblərmi, emosiyaya qapılmırlar ki, öz fəaliyyətlərini ağlın və iradənin qüvvətlənməsinə sərf edərək, baş qaldırmış ixtilafların həllinin mümkün yollarını seçə bilirlərmi? Məktəbdə və təhsil orqanlarındakı çoxillik iş və xüsusi tədqiqatlar bizə imkan vermişdir ki belə bir nəticəyə gələk. Müəllimlər ali məktənlərdə pedaqoji etikaya yiyələnmək sayəsində yaxşı psixoloji-pedaqoji hazırlığa malik olurlar” (2, s.3). Pedaqoji etikanın kateqoriyalarından söz açılarkən, müəllim və şagird münasi-bətlərinin xarakteri, müəllimin pedaqoji kollektivdəki mövqeyi və yeri, müəllim və valideylər arasındakı qarşılıqlı münasibətlər, müəllim və məktəb rəhbərləri arasındakı qarşılıqlı münasibətlər və.s məsələlər üzərində dayanmaq nəzərdə tutulur. S.B.Elkanovun “Gələcək müəllimin peşə özünütərbiyəsinin əsasları” (3) kitabı müəlli-min pedaqoji ustalığının mahiyyətini öyrənmək baxımından mühüm əsərdir. Bu kitabda nəzərdə tutulmuş mövzuların bir çoxu birbaşa pedaqoji ustalıqla əlaqədardır.
Bu əsərdə aşağıdakı məsələlərə aydınlıq gətirilir: müəllimin peşə özünütərbiyəsinin mahiyyəti, özünütərbiyə proses və fəaliyyət kimi, gələcək müəllimin peşə özünütərbiyəsinin məzmunu və s. “Gələcək müəllimin peşə özünütərbiyəsinin məzmunu” fəslinə “Psixofiziki təbiətin təkmilləşdirilməsi”, “Pedaqoji ustalığa yiyələnmə prosesində özünutəkmilləşdirmə”, “Gələcək müəllimin şəxsiyyətinin sosial keyfiyyətinin tərbiyə olunması” və “Gələcək müəllimin estetik özünütərbiyəsi” yarımfəsilləri daxildir. Gördüyümüz kimi, kitabda pedaqoji ustalıq məsələləri də diqqət mərkəzində dayanmışdır. Belə ki, “Gələcək müəllimin peşəözünütərbiyəsinin məzmunu” fəslinə “Pedaqoji ustalıqda aktyorluq sənətinin elementləri”, “Gələcək müəllimin peşə özünütərbiyəsinin məzmunu” adlanan fəslə isə “Pedaqoji ustalığa yiyələnmə prosesində özünütəkmilləşdirmə” yarımfəsli daxildir. Pedaqoji ustalığa aid olan yarımfəsilləri nəzərdən keçirərkən bir sıra məsələlərlə rastlaşırıq. “Pedaqoji ustalıqda aktyorluq sənətinin elementləri” adlı yarımfəsildə deyilir: “Aktyor kiminsə obrazını yaradır, rol oynayır. Müəllim isə heç kimin rolunu oynamır. O, öz rolunda yaşayır və öz rolunu oynayır. O, yalnız özü olmalıdır. Odur ki, çox vaxt aktyorun sənəti ilə müəllimin işi arasındakı fərqli cəhətlər barədə fikir yürüdulür və deyilənlərdə müəyyən həqiqət vardır. Professor Nurəddin Kazımovun “Pedaqoji ustalığın problemləri” əsəri (4) pedaqoji ustalıq və onun mahiyyəti məsələlərini öyrənmək üçün əhəmiyyətlidir. Əsərdə pedaqoji ustalığının ümumi məsələri, ustad müəllim fəaliyyətinin planlaşdırılması, təhsilin məqsədi və pedaqoji ustalıq fəsilləri verilmişdir. Kitabın “pedaqoji ustalığın ümumi məsələləri” bölməsində müəllif pedaqoji ustalığın əhəmiyyətini açıqlayır. Müəllif qeyd edir ki, “pedaqoji ustalıq nə fitri istedad nə də anadangəlmə bir xüsusiyyət deyildir. Ona nail olmağın ən etibarlı yolu şəxsi zəhmətdir, qarşıya çıxan hər cür çətinliyə sinə gərmək, onu aradan qaldırmağa qadir olmaqdır. Bu çətinliklərdən üçünü burada nəzərə çarpdırmaq olar. Əslində onları çətinlik adlandırmaq da düzgün deyildir. Çünki müəllimin gündəlik görməli olduğu işlərdir: 1. pedaqoji ustalığın sirlərini araşdıran mövcud ədəbiyyatla tanış olmağa can atmaqdır. 2. Pedaqoji ustalıq sahiblərinin iş təcrübəsinimüşahidə edib öyrənməyə çalışmaqdır. 3. Öz iş təcrübəsini daim təhlil etməyə, nöqsanlarını və uğurlarını üzə çıxarmağa, səbələrini araşdırıb, iş üslubunu təkmilləşdirməyə səy göstərməkdir.” (4, s.3) Göründüyü kimi, müəllif müəllimlərin pedaqoji ustalığa yiyələnmənin ən optimal yolunu hər daim özünü təkmilləşdirməkdə görür. Belə olan təqdirdə hər bir müəllim pedaqoji proses zamanı özündə olan qüsurları araşdırır və aradan qaldırılması üçün səy göstərməlidir. Nəticədə, müəllim yüksək pedaqoji ustalığa nail olmuş olur. Eyni zamanda kitabda pedaqoji ustalığa belə tərif verilir. “Pedaqoji ustalıq-biliklərin, peşə bacarıqlarının, şəxsi keyfiyyətlərin və təcrübənin qovuşması deməkdir.” (4, s.5). Professor R.H.Məmmədzadənin pedaqoji ustalıq sahəsində bir sıra tədqiqat əsərləri vardır. Onun tədqiqat əsərlərindən biri “Müəllimin peşə etikası” adlı kitabıdır (5). Burada məktəb islahatı baxımından pedaqoji etikanın bəzi dünya görüş problemlərinə aydınlıq gətirilir. Bu məqsədlə pedaqoji etika elmi-nəzəri etikanın tərkib hissəsi kimi nəzərdən keçirilir, pedaqoji etikanın predmetinə və vəzifələrinə münasibət bildirilir. Müəllif eyni zamanda pedaqoji etikanın başlıca kateqoriyalarını diqqət mərkəzinə gətirir. Bütün bunlarla yanaşı, müəllimin peşə səviyyəsinin təkmilləşməsində metodik işin rolu da aydınlaşdırılır. Bu zaman digər məsələlərlə yanaşı məktəbdə müəllimlərin peşə ustalığının təkmilləşməsinin metodları və təşkilati formaları da nəzərdən keçirilir. “Müəllifin qənaətinə görə, müəllim və tərbiyəçilərin peşə ustalığının təkmilləşdirilməsi onların reproduktiv və produktiv fəaliyyətinin təşkili və idarə olunmasına yönəldilmiş problem-axtarış xarakterli metodların əlaqəli şəkildə istifadəsini tələb edir. Müəllif müəllimlərin peşə ustalığını təkmilləşdirmək, elmin nailiyyətlərinə, qabaqcıl təcrübəyə yiyələnmək üçün aşağıdakı metodların imkanlarından faydalanmağı göstərir: “şifahi-sözlü (məruzə, çıxış, mühazirə, disput, nağıl, söhbət, təhlil, fəaliyyətin şəxsi təhlili və s.); əyani (dərsin metodik işləməsi, konspekt, slaydlar, fotolar, videoyazılar, dərsin və dərsdənkənar tədbirlərin kino çəkilişi, əyani vəsaitlər); praktik (pedaqoji məsələlərin həlli, əməli oyunlar.)” (5, s.87). Göründüyü kimi, mövcud ədəbiyyatı nəzərdən keçirərkən müəllimin pedaqoji ustalıq problemi müxtəlif aspektlərdən araşdırılmışdır. Pedaqoji ustalıqda təkcə müəllimin bilikləri deyil, eyni zamanda onun peşə etikası, pedaqoji qabiliyyətləri, özünütəhsili, özününtərbiyəsi mühüm rol oynayır.
Pedaqoji ustalıq problemi həm xarici, həm yerli ədəbiyyatmızda elmipedaqoji, psixoloji, nəzəri və praktik cəhətdən öyrənilmişdir. Məqalənin elmi yeniliyi ondadır ki, tarix müəlliminin pedaqoji ustalığına yeni aspektlərdən yanaşılmışdır. Nəzəri cəhətdən pedaqoji ustalıq probleminin mahiyyəti və məzmunu nəzərdən keçirilmişdir. Praktik əhəmiyyətinə gəldikdə, müasir dövrümüzün tarix müəllimləri məqalənin təcrübi nəticələrindən istifadə edə və ya faydalana bilər. Hal-hazırda müəllimin pedaqoji ustalığının müasir problemləri ilə bağlı tədqiqatlar aparılmaqdadır.
İstifadə olunmuş ədəbiyyat / References
1. Əmirov M.M. Tam orta məktəbdə tarixin fəal/interaktiv təlimi metodikası. Bakı: Yeni nəşr, 2011.
2. Писаренко В.И., Писаренко И.Ю. Педагогическая этика. M.: Нар. асвета, 1984.
3. Елканов С.Б. Основы профессионального самовоспитания будущего учителя. M.: Просвещение, 1989.
4. Kazımov M.N. Pedaqoji ustalığın problemləri. Bakı: Çaşıoğlu, 2009.
5. Məmmədzadə R.H. Müəllimin peşə etikası. Bakı: Maarif, 1992.
