Ayna Babazadə
Xəzər Universiteti,
E-mail: babazade-ayna@mail.ru
Abstract. In the historical novel “Jalaliyya” by Aziza Jafarzadeh, the events take place during a period when the state of Atabeyans, which emerged in the twelfth century, began gradually weaken and collapse, while the local feudal conflicts continued and foreign policy was not properly conducted. The author had carried out extensive research before writing her work. At some points, the author presented some events originally and sometimes based on her artistic (literary) imagination..
Keywords: historical novel, Jalalie, artistic reality, diplomacy of marriage.
Əzizə Cəfərzadə tarixi səpkili nəsr əsərləri yazmaq ənənəsini davam etdirərək 1981-ci ildə “Cəlaliyyə” povestini yazdı. Mövzusu tarixdən götürülmüş povestə zamanla ədəbiyyatşünasların, tənqidçilərin mövqeyi fərqli olmuş, haqlı və haqsız iradlara məruz qalmışdı. Bəzi tənqidçilər tarixi mövzudan qaynaqlanan bir əsəri oxuyarkən orada işlənmiş tarixi faktları, nədənsə, olduğu kimi görmək istəyirdilər. Əslində yazıçının öz mövqeyini bildirmək üçün bədii təxəyyülə əsaslanması tamamilə mümkündür. Əsərdə bəzi faktların tarixi reallığa uyğun olaraq verilməməsi yazıçının işlədiyi mövzuya nabələdliyindən irəli gəlmir. Əksinə Ə.Cəfərzadə ənənəsinə sadiq qalaraq dövrün tarixi mənbələrinə müraciət etmiş, yalnız araşdırdığı tarixi materiallara daha dərindən bələd olduqdan sonra əsəri yazmaq qərarına gəlmişdi. Əsərin başlanğıcında buna bir işarə olunur, belə ki, yazıçı adı çəkilən povesti yazmazdan əvvəl hələ 50-ci illərdə gəzdiyi Naxçıvan torpaqlarını bir daha görmək qərarına gəldiyini, bir çox yerləri: müqəddəs kitabımız Qurani-Kərimdə də adı çəkilən Əshabi-Kəhfi, xüsusən də Xanəgah kəndini, heyrətamiz gözəlliyə malik olan əzəmətli Əlincə qalasını təkrarən gəzdiyini bildirir (eləcə də yazıçının arxivində “Cəlaliyyə” povesti ilə əlaqədar qeydləri arasında bu səyahət qeydgündəliyi də yer alır (1). Onu da qeyd edək ki, yazıçının oğlunun dediyinə görə, Ə.Cəfərzadəyə bu mövzunu akademik Ziya Bünyadov vermiş və işlənmə zəruriliyini xüsusi qeyd edərək rus dilinə tərcümə etdiyi Ən-Nəsəvinin Cəlaləddin Mankburnının həyatından bəhs edən kitabını hədiyyə etmişdi. Adı çəkilən həmin kitab Ə.Cəfərzadənin ev muzeyində saxlanılır. Povestdə hadisələr XII əsrdə yaranan Atabəylər dövlətinin getdikcə zəifləməyə və çökməyə başladığı, həmçinin yerli feodalların çəkişmələrinin davam etdiyi, xarici siyasətinin düzgün aparılmadığı bir dövrdə cərəyan edir. Əsərdə maraqlı süjet xətti ilə yanaşı, yazıçı tərəfindən məharətlə işlənmiş müxtəlif həyat lövhələri də vardır. Yazıçı bu dəfə də başqa bir qadın hökmdarın həyatını və fəaliyyətini qələmə alır. Cəlaliyyə obrazı əsərdə bir neçə aspektdə göstərilir. Bəzi məqamlarda povestin yazıçının “Natəvan haqqında hekayələr” silsiləsi ilə səsləşdiyini görmək olar. Nədənki Cəlaliyyə Natəvanla yaxın tərcümeyi-hala malikdir. Müəllif əsər boyu Cəlaliyyəni Natəvanla oxşar taleli: həm xeyirxah, qəlbi oğul həsrəti ilə alışıb-yanan ana, həm də xalqının, vətən torpaqlarının müdafiəsinə qalxan qəhrəman qadın kimi təsvir edir. Amma müəllif Cəlaliyyəni daha çox vətən torpaqlarını yadellilərin işğalından qorumağa çalışan məğrur bir siyasətçi kimi işləməyə, onu bu istiqamətdə daha qabarıq təsvir etməyə üstünlük verir. Cəlaliyyənin dar məqamlarda vətənin müdafiəsi uğrunda gördüyü tədbirlərin, atdığı addımların təsviri əsərin süjet xəttinin əsasını təşkil edir. Əsərdə həmçinin yüksək mənəvi keyfiyyətləri ilə seçilən Türkan xatunun, Möminə xatunun, Zahidə xatunun da adı anılır. Povestin “Dilək günü” adlı bölümündə Cəlaliyyə xeyirxahlıq əməllərini nəsildən-nəslə ötürən mərhəmətli, xeyirxah qadın olaraq təqdim olunur. Məlumdur ki, cümə günü islam aləmində müqəddəs gün hesab edilir. Yazıçı əsərin bu hissəsində Zahidə xatunun dili ilə cümə gününün əhəmiyyətini sadalamağı özünə borc bilmişdi: “ — Cümə günü böyük pərvərdigarımız “ol” deyib — bu gözəl dünyamız yaranıb”… “Cümə günü peyğəmbərimiz rəsuli-əkrəm dünyaya gəlib…”… “Bugünkü gün göydən müqəddəs Quranişərifin ilk ayəsi nazil olub. Cənab Cəbrayıl rəsuli-xudaya ilk dəfə bu gün görünüb” (2, s.86).
Müsbət insani keyfiyyətləri ilə seçilən Cəlaliyyə də anası Zahidə xatunun “Cümə gününün şərafəti ucadır” ifadəsini nəzərə alaraq, həmin günləri qapısını hər kəsin üzünə açıq edirdi (2, s.86). Cümə günü Cəlaliyyə üçün həm də “ana xatirəsi” günü hesab edilirdi. Çünki anası da cümə günü ehtiyac içində olanlara qapısını açardı. Vaxtilə Zahidə xatun tərəfindən atılan bu xeyirxahlıq addımını: kasıbların əliboş geri qaytarılmaması kimi savablı işi məmnunluqla davam etdirən Cəlaliyyə qapısına gələn insanı razı salmağa çalışar və onu gülərüzlə yola salardı. Belə günlərin birində onun sarayının qarşısına toplaşanların içində bir anlıq özünü boşluqda hiss edən Aydoğmuş da olur. Ehtiyacı olduğu yeganə amil sevgi idi, Cəlaliyyəyə olan sevgisi! O, Cəlaliyyədən sevgi diləmək məqsədilə saraya yaxınlaşmışdı. Cəlaliyyənin yaxın köməkçisi uzaqgörən Məhim ana oğlanın Mələkə (Cəlaliyyə bəzən Mələkə də adlandırılırdı – A.B.) qarşısındakı uzunmüddətli susqunluğundan və baxışlarından hər şeyi anlamış və Cəlaliyyənin adına söz çıxmasın deyə bu bəlanı ondan uzaqlaşdırmış, Aydoğmuşun saray kənizlərindən biri – Olcay üçün elçi düşdüyünü söyləmişdi. “Cəlaliyyə” povestində aparıcı xətt Cəlaliyyə olsa da, tarixi obrazlarlarla yanaşı müəllifin bədii təxəyyülünün məhsulu olan obrazlara da rast gəlirik. Povestdə yer almış sərkərdə Aydoğmuş obrazı real obrazdır və Cəlaliyyəyə xidmət etmiş məmlüklərdən biridir. Ziya Bünyadov isə onun adını qulamların içində qeyd etmişdi (3, s.88). Qulam — qədim zamanlarda: qul, kölə, nökər, xidmətçi (oğlan) deməkdir. Aydoğmuşun həyat hekayəsinə toxunularkən onun qul bazarından Məhəmməd Cahan Pəhləvanın adamları tərəfindən alındığı və bu yolla saraya gətirildiyi bildirilir. Aydoğmuş digər qullardan fərqləndiyindən Cəlaliyyənin atası onu digərlərindən seçmiş və oğlana xüsusi qayğı ilə yanaşmışdı. Cəlaliyyə ilə aralarında böyük yaş fərqi olmayan Aydoğmuş demək olar ki, uşaqlıqdan onunla böyümüşdü. Artıq müəyyən yaş dövründən sonra, həddi-buluğa çatmış Aydoğmuş saraydan kənarda yaşamağa başlamışdı. Çünki, Mələkə sarayda yalnız qadınları saxlamışdı. İllər keçmiş və Aydoğmuşun qəlbində birgə böyüdüyü Cəlaliyyəyə qarşı sevgi qığılcımları yaranmışdı. Həm bu çağırış forması, həm dilək günündə baş verənlər, eləcə də sevgi ilə yanaşı, getdikcə yaranan taxt-taca yiyələnmək eşqi kimi amillər Aydoğmuşda Cəlaliyyəyə qarşı fərqli hisslər doğurmuşdu. Aydoğmuşun bu düşüncələrinin kökü daha dərinə söykənirdi. Belə ki, Cəlaliyyənin babası– Atabəy Şəmsəddin Eldəniz də vaxtilə qul bazarından alınmış daha sonralar Atabəylər dövlətinin yaradıcısı olmuşdur.
Elə məhz bu hadisədən ruhlanan Aydoğmuş Cəlaliyyə ilə evlənməklə həm sevgisinə qovuşmaq, həm də Naxçıvana sahiblənmək istəmişdi. Ə.Cəfərzadə onun bu zəif cəhətinin Herat hakimi-Hacib Əlinin işinə yaradığını, boş vədlər verərək, yüksək iddialarda olan Aydoğmuşun özü də fərqinə varmadan hakimin əllərində bir növ oyuncağa çevrildiyini bildirir. Herat hakiminin əsas məqsədi həm Əlincə qalasını almaq, bu yolla Naxçıvan torpaqlarını zəbt edib öz ərazilərinə qatmaq, həm də Atabəylərin xəzinəsini ələ keçirmək idi. Məlumdur ki, Atabəylər dövlətinin paytaxtı əvvəlcə Təbriz, daha sonra Naxçıvan olmuşdu və Atabəylərin xəzinəsi Əlincə qalasında saxlanılmaqla yanaşı, əsas gəlirlər də bura axırdı. Povestdə Cəlaliyyənin yeganə varisi olan vəliəhd Cəlalı oğurlamaqla təhdidlərə, müxtəlif hiylələrə əl atmaqla vətən xaininə çevrilən Aydoğmuşun öz taleyi də acınacaqlı başa çatır. Herat hakimi vətəninə dönük olan sərkərdədən özü də ehtiyat edərək, ona axıra kimi etibar edə bilməzdi. Əlincəyə hücuma keçdikləri zaman artıq Aydoğmuşa ehtiyac olmadığını görüb, başından qılınc endirərək onu öldürmüşdü. Beləliklə, bir zamanlar sarayda Məhəmməd Cahan Pəhləvanın sonra da Cəlaliyyənin etibarını qazanmış Aydoğmuş öz nəfsinin qurbanı olur. Bununla yazıçı vətənin torpağında gəzib, havasını udub, yeməyini yeyib, suyunu içib sonra da üzü dönük çıxan xainlərin gec-tez belə bir mənzərə ilə qarşılaşacağını göstərmək istəmişdi. Cəlaliyyənin simasında isə vətən torpaqlarının bütövlüyü naminə Haciblə Aydoğmuşun göndərdiyi təklifləri rədd edən və bircə balasını itirməyi gözə alan qəhrəman qadın obrazı yaratmışdı. Aydoğmuşun adı tarixi mənbələrdə bəzən Aytuğmış kimi də qeyd olunur. Ə.Cəfərzadə onun digər ərazilər kimi o cümlədən Naxçıvana da yürüş edən Hacib Əli ilə birliyini göstərsə də, Ən–Nəsəvi Şərəf əl Mülklə birliyini göstərir. O, Şərəf əl Mülkün Cəlaliyyənin öz oğlu kimi böyütdüyü Aytoğmışı müəyyən vədlərlə ələ aldığını, Naxçıvanı ələ keçirmək niyyətində olduğunu, Aytuğmışın da bu vədlərə aldanaraq, onu böyüdən insana qarşı çıxdığını bildirmişdi. Vədlərə əsasən Şərəf əl Mülkün şəxsi mühafizə dəstəsi hesabına Aytuğmış Naxçıvana sahiblənməli və bunun müqabilində əvvəlcə nəğd şəklində sonra hər il müəyyən məbləğdə pul ödəməli idi. “Lakin Şərəf əl-Mülkün göndərdiyi dəstə Naxçıvan yaxınlığında artıq bu məsələ haqqında xəbərdar edilmiş Məlikənin qoşunu ilə döyüşə girir. Məğlub edilmiş Aytuğmış geri çəkilməli, Cəlaliyyənin öz hacibəsi ilə göndərdiyi xəbərdən pərt olmuş Şərəf əl-Mülk isə məcburiyyət qarşısında Məlikədən üzr istəməli olur” (4, s.43). Cəlaliyyənin evlilik məsələsinə gəlincə yazıçı povestdə onun cah-cəlallı elçiləri rədd edərək Naxçıvanın qədim Baba bölüyündən olan sadə bir insanla – daim vətənin müdafiəsinə qalxan igid Cəmşidlə sevərək evləndiyini bildirmişdi. Ancaq Cəmşid nəzir-niyazla olan Cəlal adlı oğlunun dünyaya gəldiyi gün onun üzünü görmədən döyüşdə aldığı ağır yaradan vəfat etmişdi. Bütün bunlar olduqca təsirli lövhələrlə oxuculara çatdırılmışdı. Daha sonra Cəlaliyyənin növbəti evliliklərinin yalnız sənəd üzərində olduğu, bir sözlə onun nikah diplomatiyasına əl atdığı bildirilir. Cəlaliyyənin bu təşəbbüsləri xalqı düşünməsindən və vətəni qorumaq məqsədindən irəli gəlmişdir. “Şərəf əl-Mülkün və Aytuğmışın Naxçıvanı tutmaq cəhdləri Məlikə Cəlaliyyəni o dövrdə «dəbdə olan» yeni bir addıma — Naxçıvanı tabeliyində saxlamaq üçün 1229-cu ildə qətlə yetirilmiş əri Qiyasəddin Pirşahın ölümündən sonra bu dəfə qaynı xarəzmşah Cəlaləddinə ərə getməyə vadar edir….Ən-Nəsəvi gürcülərlə apardığı uğurlu döyüşlərdən sonra Məlikə Cəlaliyyənin dəvətilə sultan Cəlaləddinin Naxçıvana gəldiyini, burada onunla izdivaca girdiyini bildirir. Şihabəddin Məhəmməd ən Nəsəvinin “Sultan Cəlaləddin Manqburnunun tərcümeyi-halı” əsərini Atabəylər dövlətinin son illərinin təsviri baxımından ən mükəmməl mənbə hesab etmək olar. Bir növ xatirə ədəbiyyatı nümunəsi hesab edilən bu əsər vasitəsilə biz çoxlu tarixi faktlarla tanış olub, qaranlıq qalan bir çox məsələlərə aydınlıq gətirə bilərik. Əsərdə monqolların Azərbaycana hücumu zamanı əhalinin Cəlaləddin tərəfə meyillənməsi faktı göstərilir. Tarixi mənbələrdə də bu gerçək öz əksini tapır, amma eyni zamanda o da bəlli olur ki, Cəlaləddin üzdə özünü monqollarla mübarizə aparmağa gələn bir hökmdar kimi göstərilsə də, əslində əsl mübarizəsi atabəy Özbəyin vassallığından istifadə etməklə Qafqaz və Kiçik Asiya ölkələrindəki feodal hakimlərin qonşularına qarşı idi və buna görə də feodallar ona qarşı ittifaq yaratmışdılar (3, s.11). Zamanla ədəbiyyatda da mübahisə doğuran başqa bir gerçəkliyə də nəzər yetirək. Belə ki, Cəlaləddinlə Naxçıvan hökmdarı Cəlaliyyə arasında nikah diplomatiyasının bağlanması bəzən real, bəzən də absurd fikir olaraq qələmə alınmışdı. Bu tarixi fakt yersiz olaraq tənqidçilər tərəfindən yazıçı uydurması kimi tənqid edilmişdir. Məsələn, kitab çap olunandan bir il sonra- 1984-cü ildə tənqidçi-ədəbiyyatşünas Vilayət Quliyevin “Cəlaliyyə”, eləcə də həmin ildə “Azərbaycan” jurnalında dərc etdirdiyi “Nəsrimiz və tariximiz” adlı məqalələri çap olundu. O, povestin sənətkarlıq baxımından uğurlu təsir bağışladığını bildirsə də, yazıçını tarixi faktları təhrif etməkdə günahlandırırdı. Tənqidçi “Cəlaliyyə” məqaləsində yazırdı: “Tarixi məxəzlərdə Cəlaləddin ilə Cəlaliyyənin nikahı barəsində heç bir məlumata təsadüf edilmir. Lakin başqa bir fakt məlumdur–Cəlaləddin Təbrizə daxil olandan sonra Cəlaliyyənin qardaşı arvadı ilə yəni Atabəy Özbəyin arvadı Malikə ilə evlənmişdi” (5, 6). Göründüyü kimi, gətirilən faktlarla tənqidçi Vilayət Quliyevin birinci faktı təkzib olunur. Ancaq ikinci fikri haqqında isə onu bildirmək istərdik ki, həqiqətən də sonuncu atabəy hökmdarı Özbək Təbrizi qoyub qaçandan sonra həyat yoldaşı Malikə torpaqların müdafiəsi üçün Təbrizə daxil olan Cəlaləddinlə nikah müqaviləsi bağlamaq qənaətinə gəlmiş və ona müraciət göndərmiş, Cəlaləddin isə yalnız faktiki boşanma olduğu halda razı olacağını bildirmişdi. Boşanma olmadan yenidən nikah bağlamağı Cəlaləddin əxlaqsızlıq hesab edirdi. Malikə isə saxta şahidlər vasitəsi ilə bu proseduru həyata keçirmiş və yalnız bundan sonra Cəlaləddinlə nikah müqaviləsi bağlaya bilmişdi. Hətta Atabəy Özbəyin bu xəbəri eşidəndən bir neçə gün sonra vəfat etdiyi də bildirilir. Bütün bu məlumatarı isə Şihabəddin ən Nəsəviyə atabəy Özbəyin vəziri Rəbib əd-Din söyləmişdi. Ən Nəsəvinin kitabının 51-ci fəslində bu haqda oxuyuruq: “Şahzadə (məlikə) əhalini çoxlu miqdarda pula qərq etdi (toyun şərəfinə) və sultan onunla evləndi… Mənə atabəy Özbəyin vəziri Rəbib əd-Din söylədi: Atabəy Özbək Naxçıvan mahalında, Əlincə qalasında olarkən eşitdi ki, sultan onun ölkəsini hissə-hissə zəbt edir. Evlilik haqqında eşidənə qədər o, heç nə demədi yalnız bir şeydən başqa (Quran ayəsindən): “Doğrudan da yer üzü Allahındır: bəndələrindən istədiyini varis edər, sonda da möminləri”. O, bunlar haqqında ona bu xəbəri gətirəndən soruşdu: “Bu şahzadənin istəyi ilə oldu, yoxsa onun istəyi əleyhinə?”. Həmin adam cavab verdi: “Onun istəyi və dəfələrlə elçi düşməsindən sonra”. O, (yəni Məlikə — A.B.) boşanmanın şahidlərinə xələt verdi və onlara mərhəmət göstərdi. O, (Rəbib əd -Din) söylədi: Onda (Özbək) başını balışa qoydu, həmin saat da qızdırması qalxdı və bir neçə gün sonra o, vəfat etdi. (8, s.158). Göründüyü kimi, Xarəzmşahlarla nikah müqaviləsi bağlamaqla Malikə və Cəlaliyyə idarə etdikləri torpaqları əllərində müvəqqəti də olsa saxlaya bilmişdilər Cəlaliyyənin evlilik məsələsi ilə bağlı Ziya Bünyadov “Azərbaycan Atabəylər dövləti” adlı kitabında da məlumat vermişdi: “Atabəy Özbəkin bacısı Cəlaliyyəni — Azərbaycan Atabəylərinin şəxsi mülkü sayılan Naxçıvanın hakimini əvvəlcə Cəlaləddinin qardaşı Qiyasəddin Pir şah, sonra isə Cəlaləddin özü aldı. Bütün bu evlənmələr mülk sahibləri olan bu qadınların təşəbbüsü nəticəsində baş verirdi, çünki sultan nəslinə kəbinli olmaqla, onlar mülklərinin toxunulmazlığını təmin edir, sultan məmurlarının bu mülklərə təcavüz etmələrinin qarşısını alır, onların torpaqları tac (xass) torpaqları olaraq qalırdı” (3, s.236). XII əsr Azərbaycan ədəbi mühitinin qüdrətli sənətkarı Nizami Gəncəvi ilə görüş səhnəsi də tarixi gerçəkliyə uyğun təsvir olunmuşdu. Maraqlı lövhələrdən biri də Qızıl Arslanın dünyaca şöhrətli Nizami Gəncəvi ilə görüşə gedərkən Cəlaliyyəni də özü ilə götürməsidir. Şeir, sənət vurğunu olan və şairlərin yaradıcılığını yüksək qiymətləndirən Cəlaliyyənin Nizami ilə görüşə hazırlaşarkən keçirdiyi hiss-həyəcan olduqca təbii boyalarla işlənmişdi. Ə.Cəfərzadə bu görüşün Naxçıvanın Şəki şəhərində baş tutduğunu qeyd edir. Əsərdə Nizaminin Cəlaliyyənin idarə sisteminə heyranlığı da təsvir edilmişdir. Yazıçı şairin qadınların hökmdar olduğu Nüşabə sarayının ülgüsünü Cəlaliyyə xanımdan götürdüyünü də bildirmişdi. Tarixi mənbələrdə də Qızıl Arslanla Nizami Gəncəvi arasında baş tutan görüşün Gəncənin 30 fərsəngliyində sultan düşərgəsində olduğu bildirilir (3, s.201). Həmçinin povestdə “İsgəndərnamə” poemasının qadın qəhrəmanı Bərdə hakimi Nüşabənin adı çəkilməklə onun Cəlaliyyə ilə bənzərliyi diqqət mərkəzinə çəkilmişdi. Beləliklə, povestdə hadisələr bir-birini əvəz etdikcə, gedişat dəyişdikcə Cəlaliyyənin əsl Azərbaycan qadınına məxsus sifətləri özünü büruzə verir və aydın olur ki, baş verən heç bir hadisə bu qadın qəhrəmanımızın məğrurluğuna sədd çəkə bilmir. Əsərlə və yazıçının ev arxivində saxlanılan povestlə əlaqəli qeydləri olan qovluq, eləcə də üzərində qeydləri olan tarixi kitablarla tanışlıq bir daha onu göstərir ki, Ə.Cəfərzadə bəzi gerçəklikləri olduğu kimi, tarixdə qeyd edilməyən bəzi məqamları isə müəllif bədii təxəyyülü ilə əks etdirmişdir. Bu da bədii əsər üçün təbii haldır və bu yazıçının doğal haqqıdır, çünki povest tarix kitabı deyil — tarix haqqında yazılmış bədii əsərdir.
İstifadə olunmuş ədəbiyyat / References
1. Əzizə Cəfərzadə. Ev arxivi. P-109/1 — Qeyd dəftəri: Naxçıvan — «Cəlaliyyə» qeydləri.
2. Əzizə Cəfərzadə. Cəlaliyyə. Bakı: Gənclik, 1983.
3. Bünyadov Z. Azərbaycan Atabəylər dövləti (1136-1225-ci illər). Bakı, 2007.Ə
4. Nailə Vəlixanlı. Naxçıvan — ərəblərdən monqollaradək (VII-XII əsrlər). Bakı: Elm, 2005.
5. Quliyev V. Cəlaliyyə // Ədəbiyyat və incəsənət qəzeti, 3 fevral 1984, № 5, s.6.
6. Quliyev V. Nəsrimiz və tariximiz // Azərbaycan jurnalı, 1984, № 4, s. 164-175.
7. Шихаб ад – дин Мухаммад ан Насави. Жизнеописание султана Джалал Ад – Дина Манкбурны (перевод с арабского, предисловие…. и указатели З.М.Буниятова). Баку: Элм, 1973.8. Шихаб ад – дин Мухаммад ибн Ахмад ан Насави. Сират ас –султан Джалал ад- Дин Манкбурны: (Жизнеописание султана Джалал Ад – Дина Манкбурны) (критич.текст, пер. с араб., предисл.,…. и указатели З.М.Буниятова). М.: Восточная литература, 1996. 9. Ziya Bünyadov. Azərbaycan tarixi. Bakı:2012